XƏBƏRLƏR

16 MART, 2017
Bakı Şopinq Festivalının təşkilatçılığı Azərbaycan Konqreslər Bürosuna həvalə edilib

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən bir çox mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni bir mərhələ açır.

Sərəncama əsasən, həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının təşkilidir. Hər il keçirilməsi nəzərdə tutulan festivalbu il, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək.

Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox qonşu ölkələrdə maraq yaranıb. Xüsusilə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axını olacağı gözlənilir.

Festivalın təşkili Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə hətta bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır.

Festivala hazırlıq çərçivəsində artıq bir sıra mühüm işlər görülüb. Festivalın rəsmi internet saytı olan www.bakushopfest.com Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyət göstərəcək. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar, turist və alıcılarda yarana biləcək bütün sualların cavabları, ümumiyyətlə, Bakı Şopinq Festivalı ilə bağlı bütün məlumatlar əks olunub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir edəcək.

ƏDV-nin qaytarılması qaydaları Bakı Şopinq Festivalı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində (iştirakçı-sahibkar) tətbiq ediləcək. Azərbaycan vətəndaşları ƏDV qaytarılması kampaniyasından yalnız Bakı Şopinq Festivalının vebsaytında qeydiyyat formasını doldurub və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlardan mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar Tax free nişanı ilə fərqlənəcək.

Festivalın daha maraqlı və cəlbedici olması üçün festival dövründə müxtəlif ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər və akrobatların nümayişi təşkil ediləcək.

Festival dövründə paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və Azərbaycan əhalisinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının xidmətinə Çağrı Mərkəzi (Call Center) də istifadəyə veriləcək. Azərbaycan, rus və ingilis dillərində informasiya verəcək Çağrı Mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.

Sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək, iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.

Azərbaycan Konqreslər Bürosu hər bir Azərbaycan vətəndaşını və xarici turistləri festivalın təqdim edəcəyi imkanlardan yararlanmaq üçün Bakı Şopinq Festivalına dəvət edir.

Close
SUBSCRIBE TO OUR NEWS

BACK TO TOP